Naxçıvan Duzdağında duz hasilatı tarixindən

Nəşr edilib “Şərq qapısı” qəzeti 08.11.2017.

İnsanın, ümumiyyətlə, canlıların həyatı üçün vacib olan komponentlərdən biri də duzdur. Bütün yerlərdə, xüsusilə isti iqlim şəraitinə malik olan ölkələrdə yaşayan insanlar hərəkət edərkən, yaxud da işləyərkən daha çox tərləyir, bu zaman orqanizmdə müxtəlif fizioloji proseslərdə daim sərf olunan duz tərlə birlikdə bədəndən xaric olur. Əgər bu itkinin yeri doldurulmasa, sağlamlıq üçün böyük fəsadlar yarana bilər. Bu səbəbdən də insanlar qədim zamanlardan duzdan istifadə etmişlər. 

Duz insan həyatında o dərəcədə mühüm rol oynamışdır ki, onunla bağlı inamlar və deyimlər yaranmış, duza and içilmişdir. Hətta duz mübadilə vasitəsi olmuş, bir sıra ölkələrdə “duz pullar” işlənmiş, bəzi yerlərdə vergilər duzla ödənilmiş, duza olan tələbat ödənilmədiyi hallarda narazılıqlar, hətta qiyamlar baş vermişdir. Duz uzun­ömürlülüyün, sarsılmazlığın, sadiqliyin, müdrikliyin rəmzinə çevrilmişdir. Ona görə də duza olan tələbatı ödəmək üçün ayrı-ayrı yerlərdə təbii proseslər nəticəsində, yaranmış duz süxurlarından istifadə olunmuş, nəticədə, duz mədənləri meydana gəlmişdir. Onlardan biri də Naxçıvan şəhərindən 12 kilometr şimal-qərbdə yerləşən duz mədənləridir. Burada duz yataqları şimalda Cəhri və keçmiş Sust kəndinə qədər uzanır. Bölgə əhalisi arasında Nuh Peyğəmbərlə əlaqədar yayılan rəvayətlərdən birində deyilir ki, Dünya tufanından sonra Naxçıvanda məskunlaşan Nuh Peyğəmbər xalqa bir sıra sənətkarlıq sahələrini, o cümlədən duz çıxarmağı öyrətmişdir. Həmin rəvayətlərə əsaslanaraq Naxçıvan şəhər məktəbinin müfəttiş-müəllimi K.Nikitin 1882-ci ildə yazırdı ki, Nuh Naxçıvan duz mədənlərində ilk işçi olmuşdur.

XIX yüzilliyin 70-ci illərində Duzdağda mədənlərin rəisi vəzifəsində çalışmış Beyer buradan bir neçə ədəd daş balta və iskənə tapmış, onun ardınca 1879-cu ildə İ.Polyakov duz mədənlərinin ətrafında bir neçə daş balta aşkar etmişdir. İ.Polyakov həmin tapıntıları təhlil edərək bu baltalardan duzu parçalamaq və əzmək üçün istifadə edilməsi fikrinə gəlməklə onların ilk metal dövrünün, bəlkə də, daha qədim dövrün insanlarına məxsus alətlər olduğunu qeyd etmişdir. S.Zelinski, P.Nadejdin, İ.Şopen də Naxçıvan Duzdağı haqqında maraqlı məlumatlar vermişdir. Duzdağdan tapılmış daş alətləri tədqiq edən ilk azərbaycanlı arxeoloq İ.Cəfərzadə, Daş dövrü üzrə görkəmli mütəxəssis M.Hüseynov, iqtisadçı-alim M.Vəliyev (Baharlı) də burada Daş dövründə duz çıxarıldığı fikrindədirlər. 
1967-ci ildə Duzdağda uçqun nəticəsində qədim insanların istifadə etdikləri mədən aşkar olunmuşdur. 1976-cı ildə isə duz çıxarmaq üçün partlayış aparılarkən burada başqa bir mədən üzə çıxmışdır. İstər birinci, istərsə də çox maraqlı quruluşa malik olan ikinci mədəndə əldə olunan maddi-mədəniyyət nümunələri, həmçinin 2007-ci ildən başlayaraq Duzdağda aparılan tədqiqatlar zamanı aşkar olunmuş arxeoloji materiallar, o cümlədən daş çəkiclər, ocaq izləri, keramika məmulatları, maral buynuzunun qalıqları və sair təsdiq edir ki, bu duz mədənlərindən insanlar eramızdan əvvəl VI-II min­illiklərdə istifadə etmişlər. Naxçıvan duz mədənlərində yerli arxeoloqlarla birgə tədqiqat işləri aparan Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşları 2008-ci ildə tədqiqatlar nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələrini Şərur rayonundakı Ovçulartəpəsi abidəsindən tapılmış və radiokarbon analizləri aparılmış nümunələrlə müqayisə edərək çox uğurlu nəticələr əldə etmişlər. Bu nəticələr əsasında müəyyən olunmuşdur ki, Naxçıvan duz mədənləri dünyanın ilk duz ocaqlarından biridir. Bu haqda Fransada nəşr olunan məqalələrdə dünyanın ən qədim duz mədəninin Azərbaycanda tapıldığı haqqında beynəlxalq elmi ictimaiyyətə xəbər verilmişdir. Göründüyü kimi, əldə olunan nəticələr təsdiq edir ki, Duzdağ dünyanın ən qədim duz mədənidir. Mədənçilik işi burada Eneolit dövründən başlanmışdır. Dünyada bundan qədim mədən yoxdur. Duzdağda qədim dövrlərdən başlanan duz hasilatı orta əsrlər zamanı da intensiv şəkildə davam etmişdir. Qaynaqlarda X-XIV əsrlərdə Duzdağda əla növ duz istehsal olunması və hazır məhsulun müəyyən hissəsinin bir sıra ölkələrə ixrac edilməsi haqqında məlumatlar vardır. Müstəqillik dövründə Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar, xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə 2011-ci ilin iyulunda Naxçıvan şəhərində “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda keçirilən Beynəlxalq Simpoziumda səslənən fikirlər təsdiq edir ki, Naxçıvanın əsası bir yaşayış məskəni kimi daha əvvəllər qoyulsa da, təxminən, 5000 il bundan əvvəl orada ilkin şəhər mədəniyyəti yaranmış və Naxçıvan bir şəhər kimi formalaşmağa başlamışdır. Naxçıvanın şəhər kimi formalaşmasında bir sıra sənətkarlıq sahələrinin inkişafı ilə yanaşı, yaxınlıqdakı duz mədənlərinin tarixin erkən çağlarından başlanan istismarı da mühüm rol oynamışdır. Burada açıq və yeraltı qazmalar vasitəsilə hasil edilən duz elə orada da ilkin emal olunmuş və Naxçıvan şəhərinin əhalisinin duza olan tələbatını ödəmişdir. Şübhəsiz ki, burada hasil olunan duz bölgənin digər yaşayış məskənlərinin əhalisinin də duza olan tələbatını ödəmişdir. Bu məqsədlə hətta bəzi inkişaf etmiş yaşayış məskənlərində duzu ətraf yerlərə yaymaq və paylamaq məqsədilə xüsusi mərkəzlər yaradılmışdır. Ordubad bölgəsindəki Sumbatan-Dizə qədim şəhər yerində 2010-cu ildə aparılan arxeoloji tədqiqatlar zamanı aşkar olunan küp qırıqlarından birinin içərisində daşduz parçaları tapılmışdır. Tədqiqatçıların fikrincə, bu daşduz parçaları qədim zamanlarda Naxçıvan mədənlərindən gətirilərək burada saxlanmış, ətrafdakı yaşayış məskənlərinə paylanmış və ya satılmışdır. Sumbatan-Dizə şəhər yeri eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aid olduğu üçün, demək olar ki, Naxçıvan Duzdağının duzu oraya ən azı üç min il öncə aparılmışdır. Sözsüz ki, bu daha qədim zamanlardan başlanan işin davamı olmuşdur. Qeyd etmək lazımdır ki, Duzdağda Naxçıvan şəhərinin və yaxınlıqdakı digər yaşayış məskənlərinin əhalisinin tələbatından artıq tədarük edilən duz mübadilə məqsədilə buradan qonşu ölkələrə də aparılmışdır. İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə Duz Yolu uzanmışdır. Duzdağdan duz çıxarılmasında qədim zamanlardan mühüm rol oynayan Babək rayonundakı Cəhri kəndinin əhalisi indi də Cəhridən qədim duz mədənlərinə gedən yolu “Duzdağ yolu” adlandırır. Naxçıvandan keçərək Şərqə və Qərbə hərəkət edən ticarət karvanlarının yüklərindən biri də Naxçıvan duzu olurdu. Çünki duz yerli əhalinin tələbatını ödəməklə yanaşı, qonşu Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinə ixrac olunurdu. Naxçıvanın digər ölkələrlə ticarət əlaqələrini genişləndirən bu hal ənənəyə çevrilmiş, XIX yüzillikdə, hətta XX yüzilliyin ortalarınadək fərdi üsulla da olsa davam etdirilmişdir. Beləliklə, Duzdağ duzu həm də əhalinin dolanışıq vasitəsinə, qazanc mənbəyinə çevrilmişdi. Duzdağ Naxçıvanda əhalinin həyatında o dərəcədə mühüm rol oynamışdır ki, insan həyatı uzunömürlülükdə ona bənzədilmiş, o, dua, alqış mənbəyinə çevrilmişdir. Belə ki, Naxçıvanda indi də xeyirxah, xalq içərisində hörmət və nüfuz sahibi olan adamlara “ömrün duz dağına dönsün” duası edilir. Bununla da, insanlar həmin adama, min illərdir, duzu kəsilən, ancaq bitib-tükənməyən Duzdağın ömrü kimi faydalı və uzun ömür arzulayırlar. 
Duzdağın Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasında rolunu və əhəmiyyətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 20 aprel tarixdə imzaladığı “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” Sərəncamın preambula hissəsində qeyd olunur ki, “Duzdağda aparılan araşdırmalar sübut edir ki, Eneolit dövründən başlayaraq Naxçıvanda mədənçilik mövcud olmuş, eradan əvvəl IV minillikdə bu proses daha geniş miqyas almış, mübadilə məqsədilə tələbatdan artıq duz tədarük olunmuş, bu isə, öz növbəsində, şəhərlərarası əlaqələrə və ticarətin inkişafına, eləcə də insanların Duzdağ ətrafında məskunlaşmasına gətirib çıxarmışdır”.
Sərəncama uyğun olaraq 27-28 iyul 2012-ci ildə Naxçıvan şəhərində Amerika Birləşmiş Ştatlarından, Fransadan, Ukraynadan, Türkiyədən, İrandan, Gürcüstandan, həmçinin Bakıdan gələn alimlərin və naxçıvanlı elm adamlarının iştirakı ilə “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpozium keçirilmişdir. Simpoziumun plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov proqram xarakterli çıxış etmişdir. Çıxışında “Naxçıvan Duzdağını öyrənmədən, ümumiyyətlə, Naxçıvanda ilkin şəhər mədəniyyətini öyrənmək mümkün deyil”, – deyə qeyd edən Ali Məclisin Sədri bildirmişdir ki, “Biz “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsinə mühüm əhəmiyyət veririk. Düşünürük ki, Azərbaycan, o cümlədən Naxçıvan tarixinin öyrənilməsinə həsr olunmuş digər simpoziumlar kimi “Naxçıvan: ilkin şəhər və Duzdağ” Beynəlxalq Simpoziumu da mühüm elmi nəticələri ilə yadda qalacaqdır”. 
Həqiqətən də, simpoziumda dinlənilən 50-dən artıq çıxışda Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranması, bu prosesdə Duzdağın rolu və sair məsələlər haqqında dəyərli fikirlər söyləndi. Beləliklə, 2011-ci ildə Naxçıvan şəhərində “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda keçirilmiş simpoziumda Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranması, buna təsir edən amillər, xüsusilə bu sahədə Duzdağın rolu haqqında əldə olunan nəticələr daha da möhkəmləndirildi. Göründüyü kimi, Duzdağda çıxarılan duz Naxçıvanın ticarət-iqtisadi əlaqələrinin genişlənməsində, həmçinin bölgədə ilkin şəhər mədəniyyətinin yaranmasında mühüm rol oynamışdır. Bütün bunları, xüsusilə Naxçıvan duzunun tarixdə oynadığı rolu nəzərə alaraq aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, Duzdağda aparılan elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2017-ci il 12 sentyabr tarixdə “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Sərəncam­la Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatına Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır. Şübhəsiz ki, Ali Məclis Sədrinin sərəncamı ilə yaradılacaq bu muzey yerli əhalinin, muxtar respublikaya gələn qonaqların ziyarət yerinə çevriləcək, Naxçıvan Duzdağında aparılan tədqiqatların ümumiləşdirilməsi, Duzdağın, burada çıxarılan duzun təbliği əhalimizə, xüsusilə beynəlxalq ictimaiyyətə tanıdılması sahəsində mühüm rol oynayacaqdır.

Fəxrəddin SƏFƏRLİ
AMEA-nın müxbir üzvü