Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən yaradılmışdır. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu dünyaya çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etməkdir.
Naxçıvan Muxtar Respublikası qədim tarixə və mədəniyyətə malikdir. Tarixdə ilk dəfə olaraq yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatmışdır. Sonrakı dövrlərdə dünyanın fərqli ölkələrindən buraya səfər etmiş səyyah və coğrafiyaşünasların əsərlərində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırılmışdır.
Rus tədqiqatçısı Konstantin Nikitin 1882-ci ildə Tiflisdə nəşr olunmuş “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olması və şəhər əhalisinə duz çıxartmağı öyrətməsi barədə məlumat verərək yazmışdır: “Tufandan sonra Nuh hazırda Naxçıvan şəhərinin yerləşdiyi yerdə məskən saldı. O, öz ailəsi ilə burada qərar tutdu və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir”.
Beş min illik tarixə malik Naxçıvanda şəhər mədəniyyətinin əsasını duzçıxarma və duz mədənçiliyi təşkil edib. Arxeoloji qazıntılar zamanı burada müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları aşkar olunmuşdur. Muzeydə nümayiş olunan daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, həmçinin digər eksponatlar Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirir.
Naxçıvan duzla bağlı inam və adətlərlə zəngindir.
Duzdağla və Naxçıvan şəhər mədəniyyəti ilə bağlılığı nəzərə alınaraq muzeyin mərkəzində Nuh peyğəmbərin heykəli qoyulmuşdur.
Naxçıvan Duz Muzeyinin yaradılması xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən böyük qayğının ifadəsidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir”.