Naxçıvanda duz istehsalı: keçmişdən bu günümüzə

Nəşr edilib “Şərq qapısı” qəzeti 02.12.2017.

Duz istehsalı Naxçıvanın tarixən özünəməxsus məşğulluq sahələrindən biri olub. “Naxçıvanda Duz Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamında deyilir: “Bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulmuşdur. Bu isə 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir”.

Mənbələrdə qeyd olunur ki, Cəhri, Şıxmahmud və Sust kəndlərinin əhalisi əsrlər boyu öz yaşayışlarını Duzdağdakı mədənlərdən duz çıxarıb satmaqla təmin ediblər. Yataqların qədim dövrlərdən bəri istismarı XIX əsrin əvvəllərində tərtib olunmuş mənbələrdən birində qeyd olunduğu kimi, buradakı “duz dayaqlarla möhkəmləndirilmiş enli horizontal keçidlərin” qalıqlarından da görünür. Aparılmış arxeoloji tədqiqatlar Duzdağda mədənçilik işinin Eneolit dövründən başlandığını təsdiq etməklə yanaşı, artıq eradan əvvəl IV minillikdə bu prosesin daha geniş miqyas aldığını da göstərir. Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasında Naxçıvanda duzun çıxarılması prosesi haqqında İ.Şopenin müfəssəl məlumat verdiyini qeyd edir. Belə ki, İ.Şopenin qeydlərinə görə, mədənçilər əvvəlcə duz dağının üst təbəqəsindən duz layına çatana qədər eni bir arşın olan quyu qazırdılar. Duz layı aşkar olunduğu yerdə bir neçə işçinin eyni vaxtda işləməsi üçün kiçik meydança düzəldilir və bundan sonra mədənin istismarına başlanılırdı. Duz çıxarılması zamanı əsas vasitə kimi dəmir burğudan və barıtdan istifadə edilirdi. Uzunluğu 13-14 verşok olan dəmir burğu vasitəsilə eni bir düym, dərinliyi isə 9-10 verşok olan dəliklər açılır və onun içərisi barıtla doldurularaq partladılırdı. Hər bir işçi gün ərzində çətinlik çəkmədən 2-4 dəlik açıb partlayış törədə bilirdi. Hər partlayış nəticəsində duz layından böyük və kiçik qəlpələr şəklində 5 puddan 100 puda qədər duz qoparılırdı. Bu partlayışlar həm də qonşu laylarda yeni çatların əmələ gəlməsinə və böyük qəlpələrin laydan qopmasına gətirib çıxarırdı. Belə qayda ilə aparılan işlər nəticəsində duz dağında uzunluğu bir neçə metrə çatan duz mağarası əmələ gəlirdi. Mağaranın içərisində işıqlanmanı təmin etmək üçün yanlarda böyük diametrli deşiklər açılırdı.

Duz mədənlərində işin davametmə müddəti də maraq doğurur. Belə ki, mənbələrdə də göstərildiyi kimi, xanlıqlar dövründə duz istehsalı mövsümi xarakter daşıyırdı. Duzun əsas alıcısı isə Qarabağda, Şərurda, Dərələyəzdə, Naxçıvan mahalında və Makuda yarımköçəri həyat tərzi keçirən və maldarlıqla məşğul olan əhali idi. İ.Şopenə görə, may ayından başlayaraq duz mədənlərinin ətrafında boz, susuz çöllər duz almaq üçün gəlib növbə gözləyən karvanlarla dolu olurdu. Mart-aprel və oktyabr-noyabr aylarında mədənlərdə çalışan 4-8 nəfərlik işçi qrupu, təxminən, 20 min pud duz istehsal edirdi. Alıcıları itirməmək üçün işçilər bu müddət ərzində olduqca intensiv işləyərək hər il orta hesabla 100 min pud duz çıxarırdılar. Hətta Naxçıvan xanlığının Rusiyanın tərkibinə qatılmasından sonra duzun illik istehsal gücü 120 min puda çatmışdı. Tədqiqatçı İ.Şopen yazır ki, Naxçıvanda duz mədənlərinin istismarı uzun müddət iltizam hüququ əsasında həyata keçirilmişdir. Müəllifə görə, bu mədənlər XVIII əsrin ortalarında Naxçıvan xanları tərəfindən hər il 30, 40, 50, 100, 150 və 300 tümənə iltizama verilirdi. İltizamçılar bunun müqabilində həm də Naxçıvan xanlarını duzla pulsuz təmin etməyi öhdələrinə götürür­dülər. İltizamçı istehsal edilmiş duzun hər batmanını gümüş pulla ­3 qəpiyə satır, əldə etdiyi gəlirin 2/3 hissəsini özünə götürüb 1/3 hissəsini mədənçilərə verirdi.

Tədqiqatçı Vidadi Muradov mono­qrafiyasında qeyd edir ki, Naxçıvanın çar Rusiyası tərəfindən işğalından sonra çar hökuməti əsas diqqəti duz mədənlərindən əldə edilən gəlirin artırılmasına yönəltdi. Buna görə də duzun satış qiyməti hər batmana görə 9 qəpikdən 10 qəpiyə qaldırılmışdı. Çar hökuməti iltizam qaydalarını da dəyişdirmişdi. Belə ki, XIX əsrin 30-cu illərində mədənlər nisbətən uzun müddətə – 3-4 il müddətində iltizama verilirdi. Burada diqqət ediləsi əsas məqamlardan biri də xəzinənin duz mədənlərindən əldə etdiyi illik gəlirin durmadan artması idi. 1829-cu ildə xəzinənin bu sahədən əldə etdiyi gəlir 1000 tümən təşkil etmişdisə, 1830-1833-cü illərdə 13200, 1833-36-cı illərdə isə 18 min rubla bərabər olmuşdu. Hətta 1836-cı ilin iyunundan başlayan yeni 4 illik müddət üçün iltizamçı xəzinəyə gümüş pulla 28 min 840 rubl, hər il üçün 7220 rubl pul ödəməyi öhdəsinə götürmüşdür. Maraqlıdır ki, 1841-1851-ci illəri əhatə etmiş belə idarəçilik dövründə də xəzinənin gəliri artmaqda davam edərək, orta hesabla 8907 rubla bərabər olmuşdu. Təbii ki, xəzinənin duzdan gələn gəlirlərinin artmasında əsas səbəb duz istehsalının ilbəil genişlənməsi idi. Monoqrafiyada oxuyuruq ki, Naxçıvan duz mədənlərində iltizam sistemi XIX əsrin ikinci yarısı, XX əsrin ilk illərinə qədər davam etmişdir. Lakin burada iltizam sistemi duzun istehsalına yox, ancaq satışına aid edilirdi. Belə ki, iltizamçılar hər mövsümün başlanğıcında mədən rəislərinə alacaqları duzun həcmi barədə tələbnamə verir və hazır daşduzun hər pudunu 2, xırda duzun hər pudunu isə 1 qəpikdən alıb həm mədən rayonunda, həm də digər yerlərdə satırdılar. Vidadi Muradov qeyd edir ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanın duz istehsalında yeni mərhələ başlandı. Mənbələrə əsaslanan alim bildirir ki, Naxçıvan duz mədənlərinin istismarı dövlətin əlində cəmləşmişdi. Duza tələbatın artmasını nəzərə alan hökumət həmin dövrdə Sust və Cənnət kəndləri yaxınlığında daha iki mədənin istismarına başlamışdı. Yalnız öz gücü ilə tələbatın öhdəsindən gələ bilməyən hökumət bu işə ayrı-ayrı sahibkarları da cəlb etməyə məcbur olmuşdu. Belə ki, 1907-ci ildən Sust mədənlərinin istismarı ilə “Kəlbəlixanov qardaşları və K” şirkəti də məşğul olmağa başlamışdı. Lakin çar hökuməti yerli şirkətlərə qısqanclıqla yanaşır və hər vasitə ilə onların fəaliyyətini məhdudlaşdırırdı. “Kəlbəlixanov qardaşları və K” şirkətinin başçısı Hacı Xudadat xanın çar hökumətinə Sust mədənlərindən duz istehsalını 200 min puda çatdırmağa icazə verilməsi haqqındakı müraciətləri uzun müddət rədd edilmiş və yalnız bir neçə ildən sonra buna icazə verilmişdi. Çar hökumətinin yerli şirkətlərə qoyduğu qadağa ləğv edildikdən sonra duz hasilatının həcmi xeyli artmışdı. Təkcə “Kəlbəlixanov qardaşları və K” şirkətinin 1911-ci ildə Sust mədənlərindən hasil etdiyi duzun həcmi 304,261 pud təşkil etmişdi. Bu sahədə aparılan araşdırmalar onu göstərir ki, 1911-1913-cü illərdə Naxçıvanda duz istehsalı özünün ən yüksək səviyyəsinə çatmışdı. Təxmini hesablamalara görə, duz mədənlərindən ildə 600-800 min pud duz istehsal edilirdi. Bununla belə, duza olan tələbatı tam ödəmək mümkün olmurdu. Təkcə onu qeyd etmək kifayətdir ki, 1912-ci ildə Naxçıvanda fəaliyyət göstərən duz mədənlərində istehsal edilən 9 min ton duz Cənubi Qafqazın duza olan tələbatından 4,2 dəfə az idi. Ancaq 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması bu səviyyəni də saxlamağa imkan verməmişdi. Sovetlər Birliyi dövründə isə Naxçıvanda duz istehsalı əvvəlki dövrlərlə müqayisədə sənayenin yeni imkanlarından istifadə edilməsinə görə seçilirdi. Lakin xalqımız müstəqilliyimizin bərpasından sonra bu yeraltı sərvətin əsl sahibinə çevrildi. Son dövrlərdə isə “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması, müəssisənin yeni texnoloji avadanlıqlarla təmin edilməsi muxtar respublikada duz istehsalının yeni mərhələyə qədəm qoymasına imkan vermişdir. İstifadəyə verilən yeni istehsal sahələri Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahələridir. Bu gün duz mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir. Gündəlik istehsal gücü 40-45 ton daşduz, 20-25 ton isə üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 çeşiddə duz istehsal olunur və bu məhsullardan məişətdə, heyvandarlıqda, kimya sənayesində istifadə edilir. Məhsullar “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır. Müəssisədən aldığımız məlumata görə, ötən il burada 5391 ton daşduz və 2206 ton üyüdülmüş duz istehsal edilib. Müəssisə tərəfindən 2340 ton daşduz və 2129 ton üyüdülmüş duz satılıb. Cari ilin ilk 10 ayında isə 4189,4 ton daşduz, 1995,5 ton üyüdülmüş duz istehsal olunub. İstehsal olunan 1467,3 ton daşduz, 2164,9 ton isə üyüdülmüş duz satılıb. 
Beləliklə, dünyanın ən qədim mədənlərindən olan Duzdağ yataqlarından çıxarılan duz min illər əvvəl olduğu kimi, bu gün də süfrələrimizin əvəzolunmaz nemətidir.

 Səbuhi HƏSƏNOV

 

Naxçıvan şəhərinin tarixi Naxçıvan duzunun tarixi ilə bağlıdır

Nəşr edilib “Şərq qapısı” qəzeti 08.05.2018

Dünya sivilizasiya mərkəzlərindən olan Naxçıvan diyarı tarixi, mədəniyyəti və təbii zənginlikləri ilə həmişə diqqəti cəlb etmişdir. Geosiyasi mövqeyi, əlverişli yerdə yerləşməsi, bərəkətli torpaqları, zəngin yeraltı və yerüstü sərvətləri insanların 500 min il bundan əvvəl burada məskunlaşmasına şərait yaratmışdır. İnsanlar Daş dövründən başlayaraq bu ərazidə yaşamış və təbii zənginliklərindən istifadə etməyi öyrənmişlər. Ərazinin qədim sakinləri Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, Qazma, Kilit, Daşqala, Ərməmməd mağaralarında yaşamışlar.

Naxçıvan Nuh Peyğəmbər və Dünya tufanı ilə sıx surətdə bağlıdır. Nuh Peyğəmbərin torpağa endiyi ehtimal olunan yerlərdən biri də Naxçıvan ərazisindəki Gəmiqayadır. Nuh Peyğəmbərin ailəsi və tərəfdaşları Naxçıvan ərazisində quruya çıxmış, burada yurd salmış və Nuh Peyğəmbər Naxçıvan şəhərinin əsasını qoymuşdur. “Naxçıvan” sözü Nuhçıxan ifadəsindən yaranmışdır. Naxçıvan Nuhçıxanın varisidir, davamıdır. Nuhçıxan şəhərin formalaşması mərhələsi, Naxçıvan isə artıq inkişaf etmiş şəhərdir.

Tarixdə ilk dəfə olaraq yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatmışdır. Sonrakı dövrlərdə dünyanın müxtəlif ölkələrindən buraya səfər etmiş səyyah və coğrafiyaşünasların əsərlərində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırılmışdır. XIX əsrin 80-ci illərində Naxçıvanda yaşayıb-işləmiş tanınmış rus maarifçi ziyalısı Konstantin Nikitinin əhali arasından topladığı materiallarda Naxçıvan şəhərinin Nuh Peyğəmbər tərəfindən salınmasına dair konkret fikirlər ifadə olunmuşdur: “Nuh hazırda Naxçıvan şəhərinin olduğu yerdə məskunlaşmışdır. O, burada gələcək şəhərin əsasını qoymuş və ailəsini orada yerləşdirmişdir. Şəhərin “ilk məskunlaşma yeri”, yaxud “birinci dayanacaq” mənasını bildirən adı da buradan əmələ gəlmişdir... Nuh və onun nəsli uzun illər Naxçıvanda yaşamışdır. Rəvayətə görə, ilk insan nəsilləri buradan yayılmışdır. Nuhun özü, bacısı və ailənin bəzi digər üzvləri Naxçıvanda vəfat etmiş və orada dəfn olunmuşlar”. Nuh Peyğəmbərin məzarının da Naxçıvan şəhərində olduğu mənbələr əsasında müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xüsusi sərəncamı əsasında Naxçıvan şəhərindəki Nuh türbəsi yenidən bərpa olunmuşdur. Nuh Peyğəmbərin məzarı üzərində ucaldılmış türbə yeni sivilizasiyanın Naxçıvan diyarındakı izlərinə və böyük tarixi-əfsanəvi şəxsiyyətə bəslənilən ehtiramı dolğun şəkildə ifadə edir.

K.A.Nikitin Naxçıvan şəhəri ilə yanaşı, bu şəhərdən bir qədər aralıda yerləşən Duzdağın da əsasının Nuh Peyğəmbər tərəfindən qoyulduğu fikrini irəli sürmüşdür. Rus tədqiqatçısı Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olmasını və şəhər əhalisinə duz çıxarmağı öyrətməsini qeyd etmişdir. Belə olduqda Naxçıvan şəhəri ilə Duzdağ, təxminən, yaşıddır.

Sovetlər birliyi dövründə milli tarix və mədəniyyətimizin öyrənilməsinə qoyulan məhdudiyyətlər bəhs etdiyimiz Naxçıvanın ilkin şəhər mədəniyyətinin yaranmasına, bunun Nuh Peyğəmbərin Naxçıvanla əlaqəsinə, Duzdağın və duzun çıxarılmasının tarixinə də aiddir. Lakin ölkəmiz ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra muxtar respublikamızın da hərtərəfli öyrənilməsinə və inkişaf etdirilməsinə şərait yarandığı kimi, diqqət də artırılmışdır.

1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumun keçirilməsi və simpo­zium­un qərarları Naxçıvan tarixinin öyrənilməsində əhəmiyyətli addım olmuşdur. Beynəlxalq simpozium iştirakçılarını təbrik edən ulu öndər Heydər Əliyev demişdir: “Öz əlverişli coğrafi mövqeyi, təkrarolunmaz mədəniyyət və incəsənət abidələri ilə seçilən bu diyar dünyanın bir çox tarixçi, səyyah və alimlərin diqqətini cəlb etmiş, onların əsərlərində dərin iz qoymuş və özünəməxsus yer tutmuşdur. Həmin qaynaqların araşdırılması, onlarda Naxçıvan haqqında qeyd olunmuş məlumatların toplanıb tədqiq və nəşr olunması Azərbaycan tarixinin obyektiv elmi şəkildə işlənib hazır­lanması üçün misilsiz əhəmiyyət kəsb edir”. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun beynəlxalq simpoziumun keçirilməsinə qərar verməsi və ona rəhbərlik etməsi muxtar respublikamızın tarixinə, müasir dövrünə və gələcəyinə vermiş olduğu mühüm dəyərin ifadəsi idi.

Sonrakı illərdə Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə keçirilən “Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” və başqa beynəlxalq konfranslar Naxçıvan diyarının tarixinin, mədəniyyətinin, təbii zənginliklərinin öyrənilməsində də mühüm rol oynamışdır. Xüsusilə 2012-ci il 20 aprel tarixdə keçirilməsinə Sərəncam verilmişdir: “Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşmasına təsir göstərən mühüm amillərdən biri də son illər aşkara çıxarılan və elmi tədqiqata cəlb olunan Duzdağ mədəniyyətidir. Duzdağda aparılan araşdırmalar sübut edir ki, Eneolit dövründən başlayaraq Naxçıvanda mədənçilik mövcud olmuş, eradan əvvəl 4-cü minillikdə bu proses daha geniş miqyas almış, mübadilə məqsədi ilə tələbatdan artıq duz tədarük olunmuş, bu isə, öz növbəsində, şəhərlərarası əlaqələrə və ticarətin inkişafına, eləcə də insanların Duzdağ ətrafında məskunlaşmasına gətirib çıxarmışdır”.

“Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusundakı elmi konfransda Naxçıvan ilkin şəhər mədəniyyətinin formalaşmasının Duzdağla, duz çıxarılması ilə sıx bağlı olduğu qeyd edilmişdir. 

Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq əvvəlki illərdə aparılan arxeoloji tədqiqatların fəaliyyəti bir qədər də canlanmışdır. Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılmış, bizim eradan əvvəl V-III minilliklərə aid maddi-mədəniyyət nümunələri aşkar edilmiş, tarixi əhəmiyyət daşıyan nəticələr əldə olunmuşdur. Müəyyən edilmişdir ki, Naxçıvan Duzdağı dünyanın ən qədim duz mədənidir. Burada duz mədən üsulu ilə eramızdan əvvəl V minillikdən çıxarılmağa başlanılmışdır. Naxçıvan arxeoloqlarının və beynəlxalq arxeoloji ekspedisiya üzvlərinin araşdırmaları zamanı Eneolit və Erkən Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə aid keramika məmulatları, daş çəkiclər tapılmışdır. Mədənlərdən aşkar edilmiş maddi-mədəniyyət qalıqları, xüsusilə daş çəkiclər əsasında müəyyən olunmuşdur ki, bu duz yataqlarından eramızdan əvvəl V-III minilliklərdə geniş istifadə edilmişdir. Tədqiqatlar bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsasının qoyulmasını və bunun da beşminillik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərdiyini təsdiq etmişdir.

İnsanlar duzun çıxarılması üçün müəyyən çapacaqlardan, daş baltalardan və bu kimi əmək alətlərindən istifadə etmişlər. Əmək alətlərini isə onlar iş prosesində zəruri ehtiyac nəticəsində düzəltmişlər. Əmək alətlərinin düzəldilməsi sənətkarlığın inkişafına səbəb olmuşdur. Tədqiqatçılar Duzdağ ərazisində 1 kiloqramdan başlamış 30 kiloqrama qədər daş baltalar, gürzlər aşkar etmişlər. Tarixi faktlardan məlumdur ki, 1870-ci ildə yerli duz mədənlərinin keçmiş nəzarətçisi olmuş Beyer daş çəkiclər aşkar etmişdir. Həmin çəkiclərdən 2 ədədini Naxçıvan məktəbinə, qalanlarını isə Tbilisi və Peterburq muzeylərinə göndərmişdir. Təbii ki, duzun çıxarılması üçün istifadə olunan daş alətlər, balta və çəkiclərdən ibtidai dövrlərdə, dəmirdən istifadənin hələ insana məlum olmadığı Daş dövründə istifadə olunmuşdur. Sonrakı dövrlərdə dəmir əmək alətlərindən istifadə etmişlər. Nəticədə, əməyin məhsuldarlığı xeyli artmışdır. Barıtın kəşfindən sonra duz laylarının barıtla partladılması sayəsində gün ərzində bir işçi 40 puda qədər duz çıxara bilmişdir. Duz istehsalının ən böyük təsirlərindən biri də mübadilənin, duz ticarətinin əsaslı inkişafına səbəb olmasıdır. Naxçıvan mədənlərindən çıxarılan duz İrəvan vilayətinin Gərniçay və İlançay vadilərindəki kənd­lərə, Dərələyəz mahalına, Göyçə gölü, Qarabağ və Gəncə ətrafına, Şuşaya, Zəngəzura aparılırdı. Ümumiyyətlə, duzun əsas istifadə bölgələri Naxçıvan, Ordubad, Yeni Bəyazid qəzaları, İrəvan quberniyası, Şuşa və İran idi. Qafqaz Dağ İdarəsinin 1889-1907-ci illər (19 il ərzində) hesabatında Naxçıvan mədəninin orta illik istehsal gücünün 164,4 puda bərabər olduğu göstərilir. 1868-ci ildən Sust duz mədənindən də duz çıxarılmağa başlanılmışdır.Beləliklə, bir neçə min il bundan əvvəl Duzdağın insanlara məlum olması, duzun çıxarılması, istifadəsi, daşınması, satışı Naxçıvanda yaşayış məskənlərinin genişlənməsinə və şəhərləşmə işinin inkişafına təkan vermişdir. Duzdağ Naxçıvanda şəhərtipli mədəniyyətin əsasında dayanan ən mühüm amil olmuşdur.

Naxçıvanın tarixində Duzdağın və duzun oynadığı mühüm rol nəzərə alınaraq aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, arxeoloji tədqiqatlar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sen­tyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyinin yaradılması qərara alınmışdır. Bu günlərdə həmin muzeyin açılışı olmuşdur. Naxçıvan Duz Muzeyinin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur... Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır”. 

Ali Məclisin Sədri Naxçıvan tarixinin araşdırılması ilə bağlı görülmüş işləri ümumiləşdirmiş və görüləcək işlərlə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, müvafiq dövlət qurumları və ziyalılar qarşısında duran vəzifələrdən bəhs edərək demişdir: “Naxçıvan şəhərinin yaranmasının duzun çıxarılması ilə bağlılığı sahəsində tədqiqat işləri genişləndirilməli, arxiv sənədləri toplanılmalı, yeni kitablar və elmi məqalələr yazılmalıdır”.

Naxçıvan Muxtar Respublikasında mövcud olan 30-dan çox muzey sırasına yeni bir muzey – Naxçıvan Duz Muzeyi də daxil olmuşdur. Bu muzey öz əhəmiyyətinə və oynadığı rola görə muzeylər arasında çox böyük və mühüm yer tutur. Çünki bu, bilavasitə ilkin şəhər mədəniyyətinin yaranması və inkişaf tarixi ilə bağlıdır. Naxçıvan duzu Naxçıvanın şəhər kimi formalaşmasında tarixi rol oynamışdır. Naxçıvan Duz Muzeyinin yaradılması xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən böyük qayğının ifadəsidir. Ona görə tədqiqatçılarımız bu qayğıya öz əməli işləri ilə layiqli töhfələr verməlidirlər.

 

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

 

Naxçıvan Duzdağında duz hasilatı tarixindən

Nəşr edilib “Şərq qapısı” qəzeti 08.11.2017.

İnsanın, ümumiyyətlə, canlıların həyatı üçün vacib olan komponentlərdən biri də duzdur. Bütün yerlərdə, xüsusilə isti iqlim şəraitinə malik olan ölkələrdə yaşayan insanlar hərəkət edərkən, yaxud da işləyərkən daha çox tərləyir, bu zaman orqanizmdə müxtəlif fizioloji proseslərdə daim sərf olunan duz tərlə birlikdə bədəndən xaric olur. Əgər bu itkinin yeri doldurulmasa, sağlamlıq üçün böyük fəsadlar yarana bilər. Bu səbəbdən də insanlar qədim zamanlardan duzdan istifadə etmişlər. 

Duz insan həyatında o dərəcədə mühüm rol oynamışdır ki, onunla bağlı inamlar və deyimlər yaranmış, duza and içilmişdir. Hətta duz mübadilə vasitəsi olmuş, bir sıra ölkələrdə “duz pullar” işlənmiş, bəzi yerlərdə vergilər duzla ödənilmiş, duza olan tələbat ödənilmədiyi hallarda narazılıqlar, hətta qiyamlar baş vermişdir. Duz uzun­ömürlülüyün, sarsılmazlığın, sadiqliyin, müdrikliyin rəmzinə çevrilmişdir. Ona görə də duza olan tələbatı ödəmək üçün ayrı-ayrı yerlərdə təbii proseslər nəticəsində, yaranmış duz süxurlarından istifadə olunmuş, nəticədə, duz mədənləri meydana gəlmişdir. Onlardan biri də Naxçıvan şəhərindən 12 kilometr şimal-qərbdə yerləşən duz mədənləridir. Burada duz yataqları şimalda Cəhri və keçmiş Sust kəndinə qədər uzanır. Bölgə əhalisi arasında Nuh Peyğəmbərlə əlaqədar yayılan rəvayətlərdən birində deyilir ki, Dünya tufanından sonra Naxçıvanda məskunlaşan Nuh Peyğəmbər xalqa bir sıra sənətkarlıq sahələrini, o cümlədən duz çıxarmağı öyrətmişdir. Həmin rəvayətlərə əsaslanaraq Naxçıvan şəhər məktəbinin müfəttiş-müəllimi K.Nikitin 1882-ci ildə yazırdı ki, Nuh Naxçıvan duz mədənlərində ilk işçi olmuşdur.

XIX yüzilliyin 70-ci illərində Duzdağda mədənlərin rəisi vəzifəsində çalışmış Beyer buradan bir neçə ədəd daş balta və iskənə tapmış, onun ardınca 1879-cu ildə İ.Polyakov duz mədənlərinin ətrafında bir neçə daş balta aşkar etmişdir. İ.Polyakov həmin tapıntıları təhlil edərək bu baltalardan duzu parçalamaq və əzmək üçün istifadə edilməsi fikrinə gəlməklə onların ilk metal dövrünün, bəlkə də, daha qədim dövrün insanlarına məxsus alətlər olduğunu qeyd etmişdir. S.Zelinski, P.Nadejdin, İ.Şopen də Naxçıvan Duzdağı haqqında maraqlı məlumatlar vermişdir. Duzdağdan tapılmış daş alətləri tədqiq edən ilk azərbaycanlı arxeoloq İ.Cəfərzadə, Daş dövrü üzrə görkəmli mütəxəssis M.Hüseynov, iqtisadçı-alim M.Vəliyev (Baharlı) də burada Daş dövründə duz çıxarıldığı fikrindədirlər. 
1967-ci ildə Duzdağda uçqun nəticəsində qədim insanların istifadə etdikləri mədən aşkar olunmuşdur. 1976-cı ildə isə duz çıxarmaq üçün partlayış aparılarkən burada başqa bir mədən üzə çıxmışdır. İstər birinci, istərsə də çox maraqlı quruluşa malik olan ikinci mədəndə əldə olunan maddi-mədəniyyət nümunələri, həmçinin 2007-ci ildən başlayaraq Duzdağda aparılan tədqiqatlar zamanı aşkar olunmuş arxeoloji materiallar, o cümlədən daş çəkiclər, ocaq izləri, keramika məmulatları, maral buynuzunun qalıqları və sair təsdiq edir ki, bu duz mədənlərindən insanlar eramızdan əvvəl VI-II min­illiklərdə istifadə etmişlər. Naxçıvan duz mədənlərində yerli arxeoloqlarla birgə tədqiqat işləri aparan Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşları 2008-ci ildə tədqiqatlar nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələrini Şərur rayonundakı Ovçulartəpəsi abidəsindən tapılmış və radiokarbon analizləri aparılmış nümunələrlə müqayisə edərək çox uğurlu nəticələr əldə etmişlər. Bu nəticələr əsasında müəyyən olunmuşdur ki, Naxçıvan duz mədənləri dünyanın ilk duz ocaqlarından biridir. Bu haqda Fransada nəşr olunan məqalələrdə dünyanın ən qədim duz mədəninin Azərbaycanda tapıldığı haqqında beynəlxalq elmi ictimaiyyətə xəbər verilmişdir. Göründüyü kimi, əldə olunan nəticələr təsdiq edir ki, Duzdağ dünyanın ən qədim duz mədənidir. Mədənçilik işi burada Eneolit dövründən başlanmışdır. Dünyada bundan qədim mədən yoxdur. Duzdağda qədim dövrlərdən başlanan duz hasilatı orta əsrlər zamanı da intensiv şəkildə davam etmişdir. Qaynaqlarda X-XIV əsrlərdə Duzdağda əla növ duz istehsal olunması və hazır məhsulun müəyyən hissəsinin bir sıra ölkələrə ixrac edilməsi haqqında məlumatlar vardır. Müstəqillik dövründə Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar, xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə 2011-ci ilin iyulunda Naxçıvan şəhərində “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda keçirilən Beynəlxalq Simpoziumda səslənən fikirlər təsdiq edir ki, Naxçıvanın əsası bir yaşayış məskəni kimi daha əvvəllər qoyulsa da, təxminən, 5000 il bundan əvvəl orada ilkin şəhər mədəniyyəti yaranmış və Naxçıvan bir şəhər kimi formalaşmağa başlamışdır. Naxçıvanın şəhər kimi formalaşmasında bir sıra sənətkarlıq sahələrinin inkişafı ilə yanaşı, yaxınlıqdakı duz mədənlərinin tarixin erkən çağlarından başlanan istismarı da mühüm rol oynamışdır. Burada açıq və yeraltı qazmalar vasitəsilə hasil edilən duz elə orada da ilkin emal olunmuş və Naxçıvan şəhərinin əhalisinin duza olan tələbatını ödəmişdir. Şübhəsiz ki, burada hasil olunan duz bölgənin digər yaşayış məskənlərinin əhalisinin də duza olan tələbatını ödəmişdir. Bu məqsədlə hətta bəzi inkişaf etmiş yaşayış məskənlərində duzu ətraf yerlərə yaymaq və paylamaq məqsədilə xüsusi mərkəzlər yaradılmışdır. Ordubad bölgəsindəki Sumbatan-Dizə qədim şəhər yerində 2010-cu ildə aparılan arxeoloji tədqiqatlar zamanı aşkar olunan küp qırıqlarından birinin içərisində daşduz parçaları tapılmışdır. Tədqiqatçıların fikrincə, bu daşduz parçaları qədim zamanlarda Naxçıvan mədənlərindən gətirilərək burada saxlanmış, ətrafdakı yaşayış məskənlərinə paylanmış və ya satılmışdır. Sumbatan-Dizə şəhər yeri eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aid olduğu üçün, demək olar ki, Naxçıvan Duzdağının duzu oraya ən azı üç min il öncə aparılmışdır. Sözsüz ki, bu daha qədim zamanlardan başlanan işin davamı olmuşdur. Qeyd etmək lazımdır ki, Duzdağda Naxçıvan şəhərinin və yaxınlıqdakı digər yaşayış məskənlərinin əhalisinin tələbatından artıq tədarük edilən duz mübadilə məqsədilə buradan qonşu ölkələrə də aparılmışdır. İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə Duz Yolu uzanmışdır. Duzdağdan duz çıxarılmasında qədim zamanlardan mühüm rol oynayan Babək rayonundakı Cəhri kəndinin əhalisi indi də Cəhridən qədim duz mədənlərinə gedən yolu “Duzdağ yolu” adlandırır. Naxçıvandan keçərək Şərqə və Qərbə hərəkət edən ticarət karvanlarının yüklərindən biri də Naxçıvan duzu olurdu. Çünki duz yerli əhalinin tələbatını ödəməklə yanaşı, qonşu Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinə ixrac olunurdu. Naxçıvanın digər ölkələrlə ticarət əlaqələrini genişləndirən bu hal ənənəyə çevrilmiş, XIX yüzillikdə, hətta XX yüzilliyin ortalarınadək fərdi üsulla da olsa davam etdirilmişdir. Beləliklə, Duzdağ duzu həm də əhalinin dolanışıq vasitəsinə, qazanc mənbəyinə çevrilmişdi. Duzdağ Naxçıvanda əhalinin həyatında o dərəcədə mühüm rol oynamışdır ki, insan həyatı uzunömürlülükdə ona bənzədilmiş, o, dua, alqış mənbəyinə çevrilmişdir. Belə ki, Naxçıvanda indi də xeyirxah, xalq içərisində hörmət və nüfuz sahibi olan adamlara “ömrün duz dağına dönsün” duası edilir. Bununla da, insanlar həmin adama, min illərdir, duzu kəsilən, ancaq bitib-tükənməyən Duzdağın ömrü kimi faydalı və uzun ömür arzulayırlar. 
Duzdağın Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasında rolunu və əhəmiyyətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 20 aprel tarixdə imzaladığı “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” Sərəncamın preambula hissəsində qeyd olunur ki, “Duzdağda aparılan araşdırmalar sübut edir ki, Eneolit dövründən başlayaraq Naxçıvanda mədənçilik mövcud olmuş, eradan əvvəl IV minillikdə bu proses daha geniş miqyas almış, mübadilə məqsədilə tələbatdan artıq duz tədarük olunmuş, bu isə, öz növbəsində, şəhərlərarası əlaqələrə və ticarətin inkişafına, eləcə də insanların Duzdağ ətrafında məskunlaşmasına gətirib çıxarmışdır”.
Sərəncama uyğun olaraq 27-28 iyul 2012-ci ildə Naxçıvan şəhərində Amerika Birləşmiş Ştatlarından, Fransadan, Ukraynadan, Türkiyədən, İrandan, Gürcüstandan, həmçinin Bakıdan gələn alimlərin və naxçıvanlı elm adamlarının iştirakı ilə “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpozium keçirilmişdir. Simpoziumun plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov proqram xarakterli çıxış etmişdir. Çıxışında “Naxçıvan Duzdağını öyrənmədən, ümumiyyətlə, Naxçıvanda ilkin şəhər mədəniyyətini öyrənmək mümkün deyil”, – deyə qeyd edən Ali Məclisin Sədri bildirmişdir ki, “Biz “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsinə mühüm əhəmiyyət veririk. Düşünürük ki, Azərbaycan, o cümlədən Naxçıvan tarixinin öyrənilməsinə həsr olunmuş digər simpoziumlar kimi “Naxçıvan: ilkin şəhər və Duzdağ” Beynəlxalq Simpoziumu da mühüm elmi nəticələri ilə yadda qalacaqdır”. 
Həqiqətən də, simpoziumda dinlənilən 50-dən artıq çıxışda Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranması, bu prosesdə Duzdağın rolu və sair məsələlər haqqında dəyərli fikirlər söyləndi. Beləliklə, 2011-ci ildə Naxçıvan şəhərində “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda keçirilmiş simpoziumda Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranması, buna təsir edən amillər, xüsusilə bu sahədə Duzdağın rolu haqqında əldə olunan nəticələr daha da möhkəmləndirildi. Göründüyü kimi, Duzdağda çıxarılan duz Naxçıvanın ticarət-iqtisadi əlaqələrinin genişlənməsində, həmçinin bölgədə ilkin şəhər mədəniyyətinin yaranmasında mühüm rol oynamışdır. Bütün bunları, xüsusilə Naxçıvan duzunun tarixdə oynadığı rolu nəzərə alaraq aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, Duzdağda aparılan elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2017-ci il 12 sentyabr tarixdə “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Sərəncam­la Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatına Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır. Şübhəsiz ki, Ali Məclis Sədrinin sərəncamı ilə yaradılacaq bu muzey yerli əhalinin, muxtar respublikaya gələn qonaqların ziyarət yerinə çevriləcək, Naxçıvan Duzdağında aparılan tədqiqatların ümumiləşdirilməsi, Duzdağın, burada çıxarılan duzun təbliği əhalimizə, xüsusilə beynəlxalq ictimaiyyətə tanıdılması sahəsində mühüm rol oynayacaqdır.

Fəxrəddin SƏFƏRLİ
AMEA-nın müxbir üzvü

 

Duz Muzeyi Naxçıvanın təbliğində əhəmiyyətli rol oynayacaq

Nəşr edilib “Şərq qapısı” qəzeti 03.05.2018.

Naxçıvan ictimaiyyəti ötən ay mühüm və əhəmiyyətli bir mədəni tədbirin keçirilməsinə şahidlik etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Naxçıvanda Duz Muzeyi istifadəyə verildi. “Duzdağ” otelində Ali Məclis Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılan bu muzey bir çox əhəmiyyətli tərəfləri ilə diqqət çəkir. 

Aprelin 25-də Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirən Ali Məclisin Sədri bu münasibətlə tədbir iştirakçılarını və gələcək ziyarətçiləri təbrik edərək demişdir: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. 5-7 min il bundan əvvəl tədavüldə qiymətli metallardan və puldan istifadə olunmurdu. Həmin dövrdə yeganə tədavül vasitəsinin duz olduğunu nəzərə alaraq demək olar ki, Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır. Bu barədə müxtəlif ölkələrin tarixçiləri tərəfindən də məlumatlar verilmişdir”.

Bəli, Naxçıvan şəhərinin salınması və şəhər ənənələrinin formalaşmasını özündə əks etdirən bu unikal muzeyin yaradılması muxtar respublikamız, eləcə də ölkəmiz üçün çox əhəmiyyətlidir. Çünki şəhər mədəniyyətinin formalaşması ölkəmizdə qədim yaşayış məskənlərinin hamısı üçün xarakterik deyil. Bu mədəniyyətin formalaşması üçün eyni bölgədə kütləvi əmək məşğuliyyətinin təmin olunması və bunun da əsasında ictimai yaşayış şərtlərinin zəruriliyini doğuran səbəblər olmalıdır. Şəhərləşmə isə məhdud bir ərazidə birgəyaşayış tələblərini doğurur ki, bu da ictimai şüurun inkişafından irəli gəlir. Bu baxımdan Naxçıvanda şəhər mədəniyyətinin formalaşmasını labüd edən duz istehsalı, eyni zamanda bəşəri əhəmiyyət daşıyır. Çünki söhbət 5000-7000 illik davamlı bir fəaliyyət sahəsindən gedir. Elə bu muzeyin unikal olmasını şərtləndirən amil də odur ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qeyri-adi muzeylərdən fərqli olaraq bu mədəniyyət müəssisəsi sırf tarixi reallıq üzərində qurulub. Bildiyimiz kimi bu gün bir çox ölkələrdə elə muzeylər mövcuddur ki, turist cəlbi baxımından qeyri­-adi maraqların məcmusu kimi çıxış edir. Naxçıvanda yeni açılmış bu muzeyi qeyri-adi edən isə təbiətin bizə bəxş etdiyi sadə bir nemətin minilliklər boyu qədim bir mədəniyyətin daşıyıcısı rolunda çıxış etməsidir. 
Burada bir məqamı qeyd etmək istərdik. Naxçıvanda qədimliyi ilə seçilən ünvanlar çoxdur. Ancaq kütləvi maraq baxımından üç obyekt daha çox diqqətçəkicidir: Əshabi-Kəhf mağarası, Duzdağ, Nuh Peyğəmbərin türbəsi. Bu obyektlər ona görə əcnəbi turistlərin marağındadır ki, onlar mahiyyət etibarı ilə bölgə sərhədlərini aşaraq qlobal əhəmiyyət kəsb edir. Hər üç obyekt haqqında digər ölkələrin vətəndaşları da məlumatlıdırlar. Muxtar diyarımıza gələn turistlərin bu ünvanlara daha çox yönəlməsi də qədim diyarımızın zəngin tarixinə hədsiz marağın nəticəsidir. Ancaq burada diqqətçəkən məqam odur ki, Duz Muzeyində Nuh Peyğəmbərin heykəlinin qoyulması bura gələn tamaşaçıları Naxçıvanı Nuhla bağlayan cəhətlər haqqında bir daha düşünməyə sövq edir. Bu da ondan irəli gəlir ki, turizmdə vizual görüntü şifahi və yazılı məlumatlardan daha çox təsir­edici gücə malikdir. Bütün bunlar Naxçıvanın qədim Nuh diyarı kimi təbliğində əhəmiyyətli rol oynayır. Ümumilikdə isə Naxçıvan Duz Muzeyi dünyada duzun mədən üsulu ilə ilk emalı təcrübəsinin, eləcə də bəşər insanının ilkin istehsal mədəniyyətinin formalaşmasını tamaşaçılarına əyani şəkildə təqdim edən mədəniyyət müəssisəsidir.

 Səbuhi HƏSƏNOV

 

Bəşəriyyətin beşiyində ilahi möcüzə

Nəşr edilib “Şərq qapısı” qəzeti 28.12.2017.

Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin Naxçıvanın dünya miqyasında tanınan özünəməxsus sərvəti olan duza, Duz dağına, duz mədənlərinə həsr olunmuş “Duzdağ mozaikası” kitabı işıq üzü görüb. Bakıda “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə və dizaynla nəşr olunan 308 səhifəlik kitabın elmi redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir. 

“Dövlətçilik işığında”, “Bir yüngülvari müqəddimə”, “Tarixi mənbələrdə Duzdağ”, “Duzdağ araşdırmaları”, “Dünyanın Duzdağı”, “Duzdağ odası” və “Duzdağ mozaikası – danışan şəkillər” adlı yeddi bölmədən ibarət olan kitab Naxçıvandakı Duzdağ ilə hərtərəfli tanışlıq üçün böyük məlumat bazası ilə diqqəti cəlb edir. Bu cür zəhmət tələb edən bir nəşrin ortaya çıxması həm də vətəndaşlıq mövqeyinin elmi ifadəsi kimi səciyyəvidir. 

Kitabın “Dövlətçilik işığında” adlı bölməsi ilə tanışlıq belə əhəmiyyətli nəşrin yazılma səbəbi haqqında kifayət qədər məlumat verir. Kitabın girişində xalqımızın ümummilli lideri Heydər Əliyevin aşağıdakı fikirləri özünə yer tapıb: “Naxçıvanın çox gözəllikləri var. Birincisi, onun təbiətidir. Azərbaycanın hər yerində gözəl guşə tapmaq olar. Haraya gedirsən, Azərbaycan gözəl bir yerdir. Amma mən bu gün Naxçıvandayam və Naxçıvan haqqında danışıram. Naxçıvanın təbiətinin gözəlliyi məğrurluq rəmzidir. Bax, ətrafda görünən dağlar, qayalar, çılpaq torpaqlar, – burada yaşıllıq azdır, – bu, diyara xüsusi gözəllik verir. Ancaq bu gözəllik, yenə də deyirəm, qəhrəmanlıq, məğrurluq rəmzidir. O məğrur dağlar kimi insanlar da məğrurdur”.

Ölkə Prezidenti cənab İlham ­Əliyevin bu fikirləri də kitabın əvvəlində yer alıb: “Naxçıvanın rəmz­lərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır. Hələ Nuh-Nəbi dövründən burada duz çıxarılır. Şöhrəti dünyaya səs salan İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə Duz yolu uzanırdı. Həmin ölkələrə buradan duz daşınırdı. Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında, dağında, daşında tarixin sirli, sehrli izləri gizlənmişdir”. 

Bildiyimiz kimi, 2012-ci ilin iyul ayında Naxçıvan şəhərində “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda elmi konfransın keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 20 aprel tarixli Sərəncamı nəinki Naxçıvanın, eləcə də Duzdağın bir çox cəhətdən elmi dövriyyəyə daxil edilməsində mühüm rol oynayıb. Məhz elə həmin Sərəncamda deyilən aşağıdakı fikirlər Duzdağın böyük mədəniyyətin formalaşmasındakı rolunu ortaya qoyur: “Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşmasına təsir göstərən mühüm amillərdən biri də son illər aşkara çıxarılan və elmi-tədqiqata cəlb olunan Naxçıvan Duzdağ mədəniyyətidir. Duzdağda aparılan araşdırmalar sübut edir ki, Eneolit dövründən başlayaraq Naxçıvanda mədənçilik mövcud olmuş, eradan əvvəl 3-cü minillikdən bu proses daha da geniş miqyas almış, mübadilə məqsədi ilə tələbatdan artıq duz tədarük olunmuş, bu isə, öz növbəsində, şəhərlərarası əlaqələrə və ticarətin inkişafına, eləcə də insanların Duzdağ ətrafında məskunlaşmasına gətirib çıxarmışdır”. 

Ötən aylarda isə, daha dəqiq ifadə etsək, 2017-ci il 12 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzaladı. Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu nəzərə alaraq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə imzalanan bu Sərəncam akademiki qısa zaman ərzində operativ tədqiqatlara sövq edib. Bunu biz “Bir yüngülvari müqəddimə” bölməsindəki “Duzdağ: Nuhdabandan Naxçıvana” məqaləsində açıq-aydın müşahidə edirik. İsa Həbibbəyli həmin məqaləsində bildirir ki, “Duz da od və su kimi, geniş mənada, insanlığın formalaşmasında iştirak edən əsas amillərdən biridir... Duzun kəşf olunması ilə insanlıq mədəni həyat tərzinə qədəm qoymuşdur. Duzun kəşfi ibtidai insan birliklərinin oturaq mədəni həyata keçidinin inqilabıdır. Naxçıvan Duzdağı yer üzündəki ən qədim duzun məskənlərindən biridir. Mənbələrdə Naxçıvan Duzdağının Nuh Peyğəmbər tərəfindən aşkar edilməsi haqqında əsatirlər yaşayır. Beləliklə, əfsanəvi gəmisi ilə bəşəriyyəti Dünya tufanından xilas etmiş Nuh Peyğəmbər Naxçıvan Duzdağını kəşf etməklə ilkin insan cəmiyyətinin yaradılmasının əsasını qoymuşdur. Nuh Peyğəmbər duz ixtirasının Prometeyidir”. 

İsa Həbibbəyli müqəddimədə Naxçıvan Duzdağının, geniş mənada, mahiyyəti, insanlıq üçün oynadığı rolu, şəhər mədəniyyətinin formalaşmasındakı əhəmiyyətini məntiqli şəkildə ortaya qoyub, zamanla Duzdağın sirlərinin aydınlaşdırılması nəticəsində ölkəmizin, eləcə də Naxçıvanın bəşər sivilizasiyasının inkişafındakı yeri və roluna dair qiymətli səhifələrin açılmasındakı əhəmiyyətini göstərib. 

Kitabın “Tarixi mənbələrdə Naxçıvan” bölməsində biz müxtəlif tarixi mənbələrdə və nəşrlərdə Vosboynikov, generel-mayor Skalo, Pavel Şeremetyevski, İ.Lena, Konstantin Nikitin, A.M.Marqolus və başqalarının yazıları ilə ətraflı tanış oluruq. “Duzdağ araşdırmaları” bölməsində isə tanınmış elm adamları və tədqiqatçılardan İsmayıl Hacıyevin, Vəli Əliyevin, Məhəmmədəli Hüseynovun, Vəli Baxşəliyevin, Hacı Qadir Qədirzadənin, Əlövsət Quliyevin, Nizami Alıyevin, Yaşar Rəhimovun, Rafiq Babayevin, Əkrəm Hüseynzadənin, Məhsəti İsmayılın, Elmar Hüseynovun və digərlərinin son illərdə qələmə aldıqları duzla bağlı tədqiqatların öz əksini tapdığı məqalələrlə tanış oluruq. 

Kitabdakı növbəti bölmə “Dünyanın Duzdağı” adlanır və burada Katrin Marro, Karolina Hamon kimi əcnəbi müəlliflərin, həmçinin müxtəlif xarici ölkə mətbuatında Naxçıvan Duzdağı haqqında dərc edilmiş yazılar toplanılıb. 

Akademik İsa Həbibbəylinin yorulmaz axtarışları təkcə qədim məxəzlərlə, elmi-kütləvi nəşrlərlə kifayətlənməyib. O, Duzdağın bədii şəkildə tərənnüm olunduğu poeziya nümunələrini də diqqətdə saxlayıb. Belə ki, “Duzdağ odası” adlanan növbəti bölmədə Naxçıvan Duzdağına həsr edilmiş şeirlər toplanılıb. Burada biz Xalq şairləri Qabilin, Fikrət Qocanın, həmçinin İslam Səfərlinin, Hüseyn Razinin, Əliyar Yusiflinin, Elman Həbibin, Asim Yadigarın, Vaqif Məmmədovun, Muxtar Qasımzadənin, Zaur Vedilinin və başqalarının şeirləri ilə də tanış olmaq imkanı əldə edirik. Akademik İsa Həbibbəylinin özünün qələmə aldığı “Duzdağ odası” şeiri də özünəməxsusluğu ilə seçilir. 

Kitabın sonuncu bölməsi “Duzdağ mozaikası – danışan şəkillər” adlanır və burada yer alan şəkillərlə biz Naxçıvan Duzdağının qeyri-adi rənglər mozaikası, əmək alətləri, duzun çıxarılma prosesi, duz mədənləri, duz şəlalə, duz çayları ilə tanış oluruq. Ümumiyyətlə, akademik İsa Həbibbəylinin “Duzdağ mozaikası” kitabı Naxçıvan Duzdağının əhatəli və ətraflı öyrənilməsi və bu barədə məlumatların bir toplu halında cəm olunduğu nəşr kimi çox əhəmiyyətlidir. Əminik ki, bu kitab duzla bağlı sonrakı tədqiqatlar üçün də yeni istiqamətlər verəcəkdir.

Elxan MƏMMƏDOV

filologiya üzrə fəlsəfə doktoru